Bakıdakı “Qalereya-1969” sərgi salonunda Mirzə Ələkbər Sabir Fondunun və bu qurumun prezidenti Sevda Tahirlinin “Qanımızın səsi” kitabının təqdimat mərasimi keçirilmişdir.
Milli Məclisin deputatlarının, QHT və KİV nümayəndələrinin, şair və yazıçıların iştirak etdikləri tədbiri açan İctimai Televiziyanın əməkdaşı Vəsilə Vahidqızı iştirakçılara mərasim haqqında məlumat vermişdir.
Fondun prezidenti Sevda Tahirli tədbirin keçirilməsinə dəstək verdiyinə görə “Azersun Holding” MMC-nin rəhbərliyinə, “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan Dünyası” beynəlxalq jurnalına və Milli QHT Forumuna öz minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, Mirzə Ələkbər Sabir Fondu 2012-ci ildə yaradılmış, həmin ilin iyun ayının 29-da Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
Bildirilmişdir ki, fondun əsas məqsədi Mirzə Ələkbər Sabir yaradıcılığının öyrənilməsi və irsinin tədqiqindən ibarətdir. Fondun əsas vəzifələri sırasına isə Mirzə Ələkbər Sabir yaradıcılığını gənclər arasında təbliğ etmək, gənc araşdırmaçıları böyük ədibin irsinin öyrənilməsinə cəlb etmək, M.Ə.Sabir yaradıcılığının beynəlxalq aləmdə tanınmasına yardımçı olmaqdır. Mirzə Ələkbər Sabir Fondu 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” layihəsini icra etmişdir. Hazırda fondun www.sabirfondu.org saytı fəaliyyət göstərir.
Daha sonra Mirzə Ələkbər Sabir nəslinin nümayəndəsi Zemfira Tahirli, Milli Məclisin deputatı Musa Qasımlı, yazıçı-publisist, teleaparıcı Orxan Fikrətoğlu, “Dədə Qorqud” Milli Fondunun prezidenti Eldar İsmayılov, professor Alxan Bayramoğlu, şair Səlim Babullaoğlu, “Millennium Turizm” MMC-nin direktoru Ruslan Quliyev və başqaları çıxış edərək fond haqqında öz fikirlərini bildirmişlər.
Tədbirdə fondun prezidenti Sevda Tahirli müəllifi olduğu “Qanımızın səsi” kitabı haqqında məlumat vermişdir. Bildirmişdir ki, 2013-cü ildə çap olunmuş kitabın mövzusu yaşından asılı olmayaraq hər kəsin marağına səbəb ola biləcək bir məsələyə – 4 fərqli qan qrupunun insanın həyatındakı roluna – onun xarakterinə, karyerasına, uğurlarına, sağlamlığına və eləcə də xəstəliklərinə, həyati seçimlərinə, qarşı cinsə münasibətinə, ailə bağlarına, hətta ana olma imkanlarına necə təsir etməsi kimi aktual bir məsələyə həsr olunmuşdur.
Kitabın materialları əsasında İctimai Televiziyada hazırlanmış eyniadlı filmdən fraqmentlər təqdim edilmişdir.