Sabir təxəllüsü ilə məşhur olan Tahirzadə Ələkbər Məşədi Zeynalabdin oğlu 1862-ci il may ayının 30-da Azərbaycanın Şamaxı şəhərində anadan olmuşdur. Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixində yeni şeirin – inqilabi satira (poeziya) məktəbinin banisi və bayraqdarı kimi məhşurdur. O, ilk təhsilini əvvəl mollaxanada, sonra XIX əsrdə şair və maarif xadimi kimi məhşur olan Seyid Əzim Şirvaninin yeni istiqamətli məktəbində almış, ilk poetik qələm təcrübələrini həmin məktəbdə yazmışdır. Ələkbərin şeirlərini Seyid Əzim redaktə etmiş, şagirdinin poetik istedadının inkişafına qayğı göstərmişdir.
Gənc şair Ələkbər Sabir 1884-cü il avqustun 22-də səyahətə çıxmış, Yaxın və Orta Şərqin bir çox mədəni mərkəzlərində olmuşdur…
XIX əsrin sonlarına doğru Sabirin ədəbiyyat və sənətə baxışları, yaradıcılıq amalı aydınlaşmağa başlamış və o, şeiri, söz sənətini xalqa zövq verən, düzgün yol göstərən ən qiymətli, iri bir gövhərə bənzətmiş, yaradıcılıqda ancaq həqiqəti, xalqa və vətənə xidməti özünə amal seçdiyini bəyan etmişdir.
XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycan ictimai-mədəni fikrinin əsasını təşkil edən maarifçi düşüncəyə – yeni kefiyyət-siyasi məzmun, milli azadlıq və mübarizlik ruhu da əlavə olunmağa başlayır. M.Ə.Sabir də bu prosesin içində yeni məzmunlu və istiqlal ruhlu poeziya yolunda inamla addımlayır; bir-birinin ardınca nəşr edilən “Şərqi-rus”, “Həyat”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Bəhlul”, “Dəbistan”, “Rəhbər”, “Füyuzat”, “Səda”, “Həqiqət”, “Günəş”, “Yeni Füyuzat” və s. mətbuat orqanları ilə fəal əməkdaşlıq edir, şeir felyeton və məqalələrini çap etdirir, bəzilərinin Şamaxı üzrə xüsusi müxbiri yaxud sonralar əməkdaşı kimi çalışır.
Həyat qəzetində çap etdirdiyi (10 fevral 1906) “Bir məclisdə on iki kişinin söhbəti” adlı proqram xarakterli satirasında cəmiyyətdə hər biri bir zümrəni təmsil edən 12 tipi bir-bir sanki rüsvayçılıq kürsüsünə çıxarıb özlərini danışdırmaq üsulu ilə onları ifşa edir. “Molla Nəsrəddin” jurnalı nəşrə başlayandan (7 aprel 1906) sonra Sabir üçün əlverişli şərait yaranır; o jurnalda və digər mətbuat orqanlarında (“İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Bəhlul”, “Dəbistan”, “Rəhbər”, “Füyuzat”, “Səda”, “Həqiqət”, “Günəş”, “Yeni Füyuzat” və s.) bir-birinin ardınca çap etdirdiyi “Nə işim var?!”, “Oxutmuram, əl çəkin!, “Nəfsin qərəzi, əqlin mərəzi”, “Bakı fəhlələrinə”, “Fəhlə özünü…”, “Əkinçi”, “Dilənçi”, “Səbr eylə!”, “Nə yazım?!”, “Sərhesab”, “Mənimki belə düşdü”, “Qoyma, gəldi!”, “Ürəfa marşı”, “Qocalar marşı”, “Xəsisin heyifi, varisin keyifi”, “Toymeyi-nəhar”, “Satıram!”, “Səttarxana!”, “İstiqbalımız lağlağdır”, “İstiqbal bizimdir!”, “Fəxriyyə”, “Bura say!”, “İran özümündür”, “Osmanlılar, aldanmayın…”, “Ağladıqca kişi qeyrətsiz olur”, “Yuxu” və s. satiralarda həmin satirik tiplər qalereyasının daha geniş, çox-çeşidli və rəngin mənzərəsini oxucuların, geniş ictimaiyyətin gözü qarşısında canlandırdı. Təsvir və boyalarının tünd və kəskin təsiri ilə milləti silkələyib oyatdı, onları özlərinin acınacaqlı vəziyyətlərinə heyrətdən bərəlmiş gözlərlə baxıb qarşılaşdıqları mənzərədən dəhşətə gəlib silkinməyə, təmizlənib dəyişməyə sövq etdi. Beləliklə, Sabir satirasının inqilabi, dəyişdirici gücü bütün cəmiyyəti, əsrlərdən bəri pas atmış beyinləri, buxovlanıb yatırılmış ruhları hərəkətə gətirdi. Satiralarında “Hophop”, “Güləyən”, “Ağlar güləyən”, “Boynuburuq”, “Boynuyoğun”, “Qabaqda gedən zəncirli”, “Çaydaçapan”, “Obaşdançı”, “Məczub”, “Hörümçək”, “İran qurdu”, ”Nizədar”, “Yetim qızcıq” və s. bütövlükdə 40-a yaxın satirik gizli imzadan istifadə etdi. Onun yaradıcılıq üslubunu davam etdirən şairlər yetişdi, Sabir poeziya məktəbi yarandı.
Sabir ictimai-milli və mədəni tədbirlərdə – kitabxana-qiraətxana, teatr təşkili, məktəb açmaq, Azərbaycan müəllimlərinin I və II qurultay qərarlarının təqdiri, təbliği və həyata keçirilməsində fəal iştirak etdi. Məqalə və şeirlərində gənc nəsli
Mənim bağım, baharım,
Fikri ziyalı oğlum,
Məktəb zamanı gəldi
Dur, ey vəfalı oğlum.
Ey gözüm, ey canım,
Get məktəbə, cavanım!
– deyə oxumağa, tərəqqiyə səslədi. “Yaz günləri”, “Uşaq və buz”, “Analar bəzəyi”, “Cütçü” və s. klassik uşaq şeirlərini yazdı. Şamaxıda özünün açdığı “Ümid” məktəbində, Bakının Balaxanı kəndində “Camaat məktəbi”ndə müəllimlik edib səriştəli pedaqoq kimi də məşhurlaşdı. Eyni zamanda Bakıdakı mətbuat orqanlarında da çalışdı. Tiflisə, “Molla Nəsrəddin” jurnalına da əsərlər göndərdi, çap olundu…
Xəstələndi. Bakıda, Şamaxıda və Tiflisdə bir neçə ay müalicə olunsa da, şəfa tapa bilmədi. Nəhayət 1911-ci iyulun 12-də Şamaxıda vəfat etdi.
Ömrünün sonlarına yaxın şeirlərinin birində (“Şəkibai”) yazmışdı:
Seyli-tə’n oylə təməvvüclə alıb dövrü-bərim-
Bənzərəm bir qocaman dağa ki, dəryadə durar!
Nə qəm uğratsa da bir gün məni ifnayə zaman,
Mən gedərsəmsə, məramım yenə dünyadə durar!
Ruhum!…” şeirində isə uğrunda daim mübarizə apardığı xoşbəxt gələcək haqda amal və əqidəsinin çin olacağına inamını və həmin günlərə salamını belə ifadə edirdi:
Mən gedərsəm , var olsun amalım!
Yaşasın şəhriyari-hürriyyət!
Yaşasın şəhriyari-hürriyyət!
Mən gedərsəm, var olsun amalım!…
Sabirin nə qədər uzaqgörən olduğu, tərəqqi, xoşbəxt həyat, işıqlı sabah amallı poeziyasının əbədiyaşarlığı özünü təsdiqləmiş və təsdiqləməkdədir.