Fondumuzun əməkdaşından möhtəşəm layihə

Dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 155 illiyi ərəfəsində onun adını daşıyan fondumuzun AMEA Mərkəzi Elmi Kitabxanası ilə birgə fəaliyyətinin nəticəsi kimi MEK-in “360° virtual bələdçi”si layihəsi yekunlaşıb.

 

Layihəni Azərbaycan Fotoqrafları Birliyinin üzvü, Sabir Fondunun əməkdaşı, iqtisadçı və fotoqraf Nurlan Tahirli həyata keçirib.

 

Qeyd edək ki, 2014-cü ildə istifadəyə verilən MEK binasının bütün mərtəbələrində – oxu zalları və onların istirahət otaqları, akademiklər zalı, konfrans zalları, sərgi salonu,  sənədlərin qorunduğu saxlanclarla, yardımçı fondlarla- bir sözlə, kitabxana binasında yer alan 60-a qədər məkanı özündə birləşdirən bu böyük layihə həcminə görə fotoqrafın ilk böyük panoramik işidir. Bundan əvvəl NurlanTahirli həm Azərbaycanda, həm də bir sıra xarici ölkədə – Avstriya, Almaniya, Hollandiya, Estoniya, Latviya, Türkiyə və Gürcüstanda ticarət mərkəzlərinin, park və meydanların, otellərin, eləcə də təyyarələrin, dünyanının ən baxımlı metrostansiyaları sırasında ilk beşlikdə yer alan  Nizami metrostansiyasının  və s. 360°  panoramik görüntüsünü hazırlamışdır. Bu görüntülər gənc fotoqrafın 2015-ci ildə Bakıda, 2016-cı ildə isə Türkiyənin Didim şəhərində keçirilən fərdi sərgilərində nümayiş etdirilmişdir. Hal-hazırda Tahirli.net web səhifəsində foto və 360.tahirli.net səhifəsində 360° Virtual Səyahətlər qalerayası sərgilənməktədir.

 

Xatırladaq ki, Nurlan Tahirli 1988-ci ildə Bakıda anadan olub. Azərbaycan İqtisad Universitetinin biznesin  təşkili və idarə olunması fakültəsinin türk bölməsini bitirb. Marketinq üzrə magistratura təhsilini Türkiyədə alıb. Fotoqraflığa hobbi olaraq  maraq  göstərsə də, hazırda bu sahədə ciddi olaraq fəaliyyət göstərir. Azərbaycan Fotoqrafları Birliyinin üzvüdür. 2015-ci ildə Azərbaycanda, 2016-cı ildə isə Türkiyədə fərdi sərgiləri keçirilib.