Müasir İncəsənət Mərkəzində Mirzə Ələkbər Sabir Fondunun və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə gənc, istedadlı fotoqraf Nurlan Tahirlinin “Yolayrıcında” foto-sərginin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimini giriş sözü ilə Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli açıb. O, bu sərgi üzərində böyük məhəbbətlə çalışmış, müasirlik, avanqard ruhu əks etdirən gözəl əsərlər yaratmış gənc fotoqrafa böyük uğurlar arzulayıb.
S. Tahirli gənc fotoqrafın yaradıcılığında müasirlik çalarları, istifadə etdiyi stil və janrlardan danışıb və bildirib ki, Nurlan Tahirlinin məharəti adi, sadə predmetlərdə qeyri-adiliyi axtarıb-tapmağındadır. Gördüklərini belə bacarıqla bölüşmək isə fotoqrafın istedadından xəbər verir.
Sonra çıxış üçün söz AFB-nin nümayəndəsi Rauf Umudova verildi. O, Nurlan Tahirlinin yaradıcılığında, axtarışlarından, fərqliliyindən danışıb. Bildirib ki, 2007-ci ildən fotoqrafiya ilə məşğul olan Nurlan Tahirli dünyanın müxtəlif ölkələrində əsasən mənzərə, memarlıq, makro və interaktiv panoramik görüntülər çəkərək yerləri bəzən olduğu kimi, bəzən də görə bilmədiyimiz yöndən təqdim etməyə çalışır.
Daha sonra əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru , professor Kübra Əliyeva fotoqarfın əsərləri haqqında təəssüratlarını səsləndirib, ona yaradıcılıq uğurları arzulayıb.
Sonda foto sərginin müəllifi Nurlan Tahirli çıxış edərək tədbirə qatılan qonaqlara təşəkkürünü bildirib, yaradıcılıq planlarından danışıb,
Qeyd edək ki, Nurlan Tahirli, Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarəedilməsi fakültəsinin türk dili bölməsinin, Türkiyənin Sakarya Dövlət Universitetinin marketinq ixtisası üzrə magistraturasının məzunudur. Türkiyədə birillik fotoqrafiya kursunda təhsil almışdır .
2012-ci ildən Beynəlxalq sərgilərə qatılır. Əsərləri ilə http://tahirli.net şəxsi səhifəsində tanışmaq olar.
“Yolayrıcında” sərgisi Nurlan Tahirlinin ilk fərdi sərgisidir.