Sabir Fondunun prezidenti seminarda çıxış etdi

Azərbaycanda ilk dəfə “Uğurlu qadın hədəfə gedən yol – sadəlikdən möhtəşəmliyə doğru” adlı xanımların şəxsi inkişafı ilə bağlı seminar keçirilib. Tədbir Qadın İnkişaf Mərkəzinin rəhbəri, insan davranışları üzrə mütəxəssis Gülnarə Tağıyevanın təşəbbüsü ilə keçirilib. Seminarda pedaqoqlar, həkimlər, iqtisadçı xanımlar, elm xadimləri, ictimai birliklərin nümayəndələri, təşkilat rəhbərləri və cəmiyyətdə öz mövqeyi olan işgüzar xanımlar iştirak edib.

Digər qonaqlarla bərabər Mirzə Ələkbər Sabir Fondunun prezidenti, bioloq, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevda Tahirli də çıxış edib:

“Həyatda aldığım ən böyük dərs ondan ibarətdir ki, bəzən yaşanan hansısa hadisə və ya bir epizod gələcəkdə yaşanacaqlar üçün elə böyük bir təməl qoya bilir ki, insanın  həyat xətti tamam  başqa bir istiqamət alır. Bu gün arxaya çevrilib baxanda həyatımın istiqamətini tam olaraq dəyişən 3 nöqtəni aydın görürəm – biri bağça yaşımda, biri məktəb, digəri isə institutdakı təhsil illərim. Yaşadığım, lakin  zamanında  heç bir anlam vermədiyim, amma indi bu hadisələrin bir – biri ilə zəncirin həlqəsi kimi əlaqəli olduğunu gördüyüm və mənim bu gün olduğum müstəvini müəyyən edən 3 nöqtə.Həyat mənə öyrətdi ki, insanın vara biləcəyi hər bir məqam məhz onun fəaliyyətinin, səylərinin, qərarlarının, səhvlərinin və doğrularının nəticəsidir. Onu da öyrəndim ki, insanın ən böyük uğuru özündə yaratmalı olduğu pozitivliyini bütün neqativ münasibətlərdən qoruyaraq, hətta yarısına qədər su ilə dolu olan stəkanın dolu hissəsində olanları görməyi bacara bilməsidir.Bu, bildiyım ən böyük həyat qüvvəsidir”.

“Bəs stəkan boş olarsa, necə düşünməli” – sulaına Sevda Tahirli  belə cavab verib:

“Stəkanın dolu və ya boş olması bizim orda nəyi görməyimizlə bağlıdır. Çünki  heç zaman o boş olmur. Su ilə olmasa da, hava ilə doludur.

Daha sonra  Sevda Tahirli “Qanımızın səsi” kitabının materialları  əsasında iştirakçılara qan qrupundan asılı olaraq  insanların xarakterinin necə dəyişməsi və bu dəyişkənliklərin dostluq, işgüzar, ailə münasibətlərində necə təzahür etməsi barədə məlumat verib.

Xatırladaq ki, Sevda Tahirli bioloq, biologiya üzrə fəlsəfə doktoru, dosentdir.Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidentidir. 4 kitabın (həmçinin ali məktəb dərslikləri), 1 monoqrafiya, metodik vəsait və dərs proqramları, onlarla elmi məqalənin, publisistik yazıların müəllifidir. Beynəlxalq simpozium və konfransların iştirakçısıdır.