Martın 12-də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları (QHT) Forumunun ofisində Mirzə Ələkbər Sabir Fondunun “Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” layihəsinin təqdimatı olmuşdur.
Tədbirdə fondun prezidenti Sevda Tahirli layihə barəsində geniş məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə bu ilin mart ayından icra edilən layihənin ilk mərhələsi ötən il uğurla həyata keçirilmişdir. Hazırkı mərhələdə internetdə, saytlarda, dərsliklərdə, ictimai xidmət sahələrində, televiziya və radio proqramlarında Azərbaycan dilinin tətbiqi sahəsində qüsurların monitorinqi nəzərdə tutulmuşdur.
S.Tahirli qeyd etmişdir ki, belə problemlərə mətbuatda, televiziya və radio proqramlarında, hətta orta məktəb dərsliklərində, müxtəlif internet saytlarında və reklamlarda rast gəlinməsi kütləvi xarakter almaqdadır. Bu hallara qarşı mübarizə aparmaq, ümumi sərvətimiz olan ana dilimizin saflığını qorumaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “Sağlam həyat mədəniyyəti” ictimai birliyinin sədri Əhməd Qəşəmoğlu, Bakı Dövlət Universitetinin professoru Alxan Bayramoğlu, filoloq Şəhla Gündüz və başqaları müzakirə olunan mövzunun aktuallığını qeyd etmiş, fikir və mülahizələrini bildirmişlər.
Tədbirdə QHT və KİV nümayəndələri, orta məktəb müəllimləri, BDU-nun müəllim və tələbələri, ekspertlər iştirak etmişlər.