Mirzə Ələkbər Sabirin doğum günü ilə əlaqədar onun adını daşıyan Gəncə şəhər 5 nömrəli orta məktəbdə tədbir keçirildi
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, orta məktəbin önündə Sabirin abidəsinin qarşısında təşkil olunan tədbirdə əvvəlcə müəllim və şagirdlər büstün önünə gül dəstələri düzdülər. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Həqiqət Abbasova çıxışında Mirzə Ələkbər Sabirin keçdiyi ömür yolundan, yaradıcılığından danışdı. Bildirdi ki, Sabirə görə dünyada insan ya avam olmalı, duyğusuz bir ömür keçirməli, ya da mübarizə aparmalı, həqiqi həyata çatmalıdır. Şairin lirik qəhrəmanı min bir əzab və əziyyətə düşsə də, şüurlu, mübariz bir həyat keçirməyi üstün tutur. O da xüsusu ilə vurğulandı ki, Sabirin fikir və xəyalının mərkəzində əsasən xalq durur.
Məktəbin direktoru Bəhrəm İmranov: “Məktəbimizdə ikinci mərtəbədə Mirzə Ələkbər Sabir muzeyi düzəldilib. Hər il, eləcə də bu il Mirzə Ələkbər Sabirin doğum günündə birinci olaraq məktəbin önündə himn oxunandan sonra şagirdlərə Sabir haqqında ümumi məlumat verilir. Müəllimlər birinci dərsdə Sabir yaradıcılığı barədə danışdıqdan sonra isə tədrisə başlayırlar”.
Tədbirdə 5 nömrəli orta məktəbin şagirdləri Mirzə Ələkbər Sabirin şeirlərindən parçalar səsləndirdilər, səhnəciklər nümayiş etdirdilər.